Tanınmış həkim-psixoterapevt Andrey Kurpatov uzun illərdir informasiya mühitinin insan təfəkkürünə və psixikasına təsirini araşdırır. Onun bu ilin əvvəlində Davosda Sberbankın səhər yeməyində rəqəmsal asılılığa və onun cəmiyyət və iqtisadiyyata təsirinə həsr olunmuş çıxışı ən çox sitat gətirilən çıxışlardan biri oldu. Texnologiyaların övladlarımızın formalaşmasına göstərdiyi təsir, yeni dünyada onlara nəyi və necə öyrətmək, “rəqəmsal demensiya” və “məqsədsiz dolaşmaq” halının tez-tez “Evrika!” ilə nəticələnməsi haqqında danışmaq üçün Andreydən daha münasib həmsöhbət tapmaq çətindir. 

Andrey, insan beynini öyrənən və yeni formasiya insanı olan biri kimi, sizin fikrinizcə, uşaqların bu yeni formasiyada müvəffəqiyyətli olması üçün onlara hansı bacarıqları öyrətmək vacibdir?

Məncə, müasir gənc insana lazım olan iki ən vacib bacarıq düşünmək və psixi adaptasiyadır.

Düşünmək insanın effektiv reallıq modelləri yaratmaq bacarığıdır. Bizim qərarlarımız və hərəkətlərimiz dünya haqqında təsəvvürlərimizdən qaynaqlanır və bu təsəvvürlərin düzgün olması, təsəvvürlərimizdə buraxdığımız səhvləri (indi bunu tez-tez koqnitiv təhrif adlandırırlar) vaxtında aşkar etməyimiz önəmlidir. İkinci məsələyə gəldikdə isə, psixi adaptasiya artan qeyri-müəyyənlik şəraitində heç zaman olmadığı qədər vacibdir. İnsan öz halını idarə etməyi, dəyişikliklərə uyğunlaşmağı, əvvəlki modellərin işə yaramadığı yerlərdə yeni fürsətləri görməyi öyrənməlidir. Mən olsaydım məktəbdə məhz bunu öyrədərdim, amma “həyata hazırlıq” kursu kimi, təhsilin bir hissəsi kimi deyil. 

Bəs təhsil haqqında nə düşünürsünüz? Tez-tez eşidirik, deyirlər ki, təhsil sistemi köhnəlib, zamanın ruhuna, iqtisadiyyatın tələblərinə cavab vermir.

Təhsil üzrə ixtisaslaşmamışam, bu kifayət qədər spesifik bir sahədir və müvafiq təcrübə və səriştə tələb edir. Yenə də, təhsilin indiki vəziyyətindən razı olub-olmadığımı soruşsanız, əlbəttə ki, cavabım “yox” olar. Bundan əlavə, hesab edirəm ki, problem haqqında danışılandan daha dərindir. Əgər biz özümüz necə bir cəmiyyət qurduğumuzu, daha dəqiq desək, gözümüzün önündə necə bir cəmiyyət yarandığını anlamırıqsa, uşaqlara nəyi öyrətməyin lazım olduğunu, onlara necə motivasiya verməyi və s. bilmiriksə, pedaqoqların bizə nə deyəcəyini gözləmək qəribədir. Fikrimcə, hər şeydən əvvəl bu cəmiyyətin necə olacağını araşdırmaq lazımdır, çünki dünyanın dəyişdiyi, köklü şəkildə dəyişdiyi hamıya aydındır. Ən azı mən buna ümid edirəm.

Mən araşdırmalarımı “dördüncü sivilizasiya dalğası” – rəqəmsal-texnoloji dalğa çərçivəsində təfəkkür və insan transformasiyası metodologiyaları müstəvisində aparıram. Bununla əlaqədar, istər-istəməz uşaqların məruz qaldığı təsirləri həm təfəkkürün formalaşması baxımından, həm də yeni rəqəmsal reallıqda uşağın psixi inkişafı baxımıdan öyrənməli oluram.

Bir həkim-psixoterapevt kimi fikrimi bilmək istəsəniz, mən müasir uşaqların valideynlərinə bunları məsləhət görərdim. Birincisi, uşaqlara mümkün qədər çox vaxt ayırın, əlinizdən gəldiyi qədər onlarla əlaqənizi və yaxın münasibətinizi qoruyun. İkincisi, onların sistemli şəkildə inkişafını, yəni dünya haqqında elmi bilik bazasının formalaşmasını təmin edin. Üçüncüsü, mümkün qədər onları oflayn mühitdə saxlamağa çalışın, cəmiyyətə uyğunlaşmasına dəstək göstərin, komandada iş bacarıqlarını inkişaf etdirin. 

Siz dəfələrlə demisiniz ki, insan rəqəmsal mühitdə nisbətən daha zəif inkişaf edir. Bu özünü nədə göstərir? “Rəqəmsal demensiya” nədir, ondan özümüzü necə qoruya bilərik? Bu cür “ağıllı” və “axmaq” bölgüsü cəmiyyətdə və iqtisadiyyatda nə kimi nəticələr verə bilər?

Problem rəqəmsal mühitin özündə deyil. Problem, hər şeydən əvvəl, qəbul edilən məlumatın miqdarında və qəbul edilən məzmunun keyfiyyətindədir. Heç bilirsiniz valideynləri qadcetlərdən ən ucuz dayə kimi istifadə edən uşaqlar internetdə nəyə baxır? Deyim siz də bilin: bu kiçik izləyicilər arasında ən məşhur video roliklər heç bir süjeti olmayan çoxsaatlı mənasız YouTube video parçalarıdır. Bu videolarda müxtəlif əlvan obrazlar xaotik şəkildə bir-birini əvəz edir, yəni bu sadəcə hərəkət edən şəkillər kaleydoskopudur, başqa heç nə. Bununla belə, “Kasperski laboratoriyası”nın statistikasına görə, Rusiyada 10 yaş altında olan uşaqların 40%-i, demək olar bütün vaxtını internetdə keçirir. Əgər kimsə düşünürsə ki, bu qədər informasiya qəbulu uşaq beyninin inkişafına müsbət təsir göstərə bilər, o kəsin ağlına şübhə var.

Elə valideynlər də var ki, uşaqlarına ancaq “ağıllı videolar” və “səmimi cizgi filmləri” göstərdiklərini deyir, bununla da hər şeyin qaydasında olduğun düşünür, amma bu da özündə böyük risk daşıyır: bu videolarda aşılanan mənaları anlamaq bacarığı uşaqda formalaşmış olmalıdır. Əgər uşaq baxdığı videoda mənanı görmürsə, həmin videonun YouTube-dakı video parçalarından heç bir fərqi qalmır.

Klassik psixologiyada hələ Lev Semyonoviç Vıqotskinin təsvir etdiyi “ən yaxın inkişaf zonaları” haqda danışılır: uşaq psixikası tədricən inkişaf edir və hər inkişaf mərhələsində inkişafa təkan verən və uşağın qəbul edə bilmədiyi və onun inkişafını ləngidən stimullar var. Bəs valideyn bu və ya digər cizgi filminin onun uşağının “ən yaxın inkişaf zonasına” daxil olub olmadığını bilirmi? Qorxuram ki, valideyn bu haqda heç xüsusi düşünməsin.

Məzmun da belə uşaqların psixi inkişafının ləngiməsinə təsir göstərən amillərdən biridir. Birlikdə bütün bunlar “rəqəmsal demensiya”nın inkişafına səbəb olur. Bu zaman uşağın beynində diqqəti cəmləmək, sistematik tədris bacarığı formalaşmır, ümumi ləngimə, iş yaddaşının və bütöv intellekt altnövəri spektrinin zəifləməsi müşahidə edilir.

Bu çox böyük mövzudur və mən bu haqda “Xoşbəxt uşaq” kitabımda danışmışam. Bütün bunların nə ilə nəticələndiyini isə “Dördüncü dünya müharibəsi” kitabımda təsvir etmişəm. Dünyanın “ağıllılar”a və “axmaqlar”a bölünəcəyi gün kimi aydındır. Təəssüf ki, rəqəmsal asılılığı olan müasir valideynlərin çox az hissəsi öz uşaqları ilə sözün həqiqi mənasında məşğul olur. Bunsuz isə heç bir təhsil sistemi vəziyyəti düzəldə bilməz.

Bəs təhsilin rəqəmsallaşmasına, yəni tapşırıqların verilməsi və materialın mənimsənilməsinə nəzarət üçün müəllimlərin video təlimlər və kompüter proqramları ilə əvəz edilməsinə münasibətiniz necədir? Bu standartlaşma və rifahdır, yoxsa əslində təhsilin dəyərsizləşməsidir?

Müasir uşaqların qavrama psixologiyasının dəyişməsi artıq tibbi faktdır. Onlar üçün fikrini cəmləmək və səsli məlumatı qavramaq çətindir, təfəkkürləri linqvistikdən daha çox vizualdır və s.

Təhsil sisemi bunu nəzərə almalıdır, ona görə dərslik və dəftərlərin mütləq şəkildə saxlanılması şərtilə, bunu mən dəfələrlə təkrar edirəm, məlumatın bir hissəsi göstərilməlidir ki, uşaqlar mənimsəyə bilsin. Bu baxımdan müasir məktəblərdə biliklərin vizuallaşdırılmasına ehtiyac var. Bu müəllimin rolun inkar edir? Xeyr! Müəllimin rolu dəyişməlidirmi? Bəli.

Maşın əvəzinə müəllimin yoxlama işində bir saat səhv axtarması daha yaxşıdır? O saatı müəllim uşaqla həmin səhflərin səbəbini öyrənməyə sərf edə bilər. Bununla da sadəcə nəzarət etmiş olmaz, həm də öyrətmiş olar, psixoloji travma verməkdənsə həvəsləndirər.

Biz belə təhsil qururuqmu? Məncə, yox. Belə təhsili qurmaq lazımdırmı? Şübhəsiz. Bunun üçün müəllimlər lazım olacaqmı? Olacaq, özü də çox. Bəs bu qərarı kim verməlidir? Təəssüf, bunu həkim bilə bilməz. 

Belə bir fikir var ki, gələcəkdə insanlar həyatları boyu bir neçə peşə dəyişəcək və davamlı təhsil və ixtisas artımı normaya çevrilməlidir. Sizcə, bu nə qədər doğrudur? Ümumiyyətlə, insan 16 yaşında gələcək peşəsini seçə bilərmi, hal-hazırda bu necə baş verir?

Göründüyü kimi, bu mümkündür. Mən hesab edirəm ki, peşənin özünün dəyişməsindən çox, peşə daxilində dəyişiklik baş verəcək.

Deyək ki, mənim tibbi, psixiatrik təhsilim var. Əlbəttə, tezliklə psixi pozuntuların diaqnostika üsulları da dəyişəcək. Daha instrumental olacaq. Mənə isə bunu öyrətməyiblər, odur ki, ixtisasımı artırmalı olacam. Müalicə üsulları da dəyişəcək, konkret bir xəstəyə özəl dərmanların hazırlanması texnologiyaları yaranacaq. Bunu öyrənmək, dəyişən peşəyə uyğun bilikləri təkmilləşdirmək lazım gələcək. Bu qaçılmazdır. Buna baxmayaraq psixi pozuntuları olan xəstələr yoxa çıxmayacaq və həkim-psixiatr bunun nə olduğunu yaxşı bilməlidir.

Elə adam da var ki, peşəsi yoxdur, hansısa bir bacarığı var. Məsələn, satıcılıq peşə deyil, fəaliyyət növüdür, çünki arxasında biliklər sistemi yoxdur. Belə işçi yəqin ki, öz bacarıqlarını dəyişməli, başqa fəaliyyət sahəsinə üz tutmalı olacaq.

Peşə seçiminə gəldikdə isə, təəssüf ki, çətinliklər çoxdur. Baş beyin qabığının özünü və öz gələcək həyatını real təsəvvür etmək qabiliyyətinə cavab verən hissələri çox gec formalaşır – 21-25 yaşınadək. Bu zaman ilk peşə seçimi artıq edilmiş olur. Peşəyönümü testləri gəncin hansı sahələrə meylinin və ya marağının olduğuna dair ipucu verə bilər, amma bu o demək deyil ki, o gələcəkdə həmin sahədə işindən məmnun olacaq. Turizm və immiqrasiya arasında çox fərq var. Peşə seçimində də belədir. 

Gələcək iqtisadiyyat müvəffəqiyyətli şəxsdən yaradıcı bacarıqlar, yeni bir şey uydurmaq və yaratmaq qabiliyyəti tələb edir. Siz deyirsiniz ki, ən yaxşı ideyalar “məqsədsiz düşünmə” prosesində yaranır. Bu “mexanika” haqda daha ətraflı danışa bilərsinizmi? Onu idarə etmək mümkündürmü?

Kreativliyi yaradıcı qabiliyyət kimi, düşünməyi isə çoxlu sayda məlumatı, parametrləri, situasiyaları, kontekstləri və s. nəzərə alan maksimal səmərəli qərarlar qəbul etmək bacarığı kimi bir-birindən ayırmaq lazımdır. Hər iki proses, artıq bizə məlum olduğu kimi, mahiyyətcə, qeyri-iradidir, amma beynin fiziologiyası baxımından onların mexanizmi fərqlidir. Kreativlik beynin üç əsas neyron şəbəkəsi arasında birindən digərinə keçməyi, düşünmək isə iki əsas neyron şəbəkəsini (mərkəzi icra şəbəkəsi və əhəmiyyətliliyi müəyyən etmək şəbəkəsi) basdıraraq, beynin ən böyük neyron şəbəkəsinin (beynin defolt sistemi) işləməsini nəzərdə tutur.

Kreativlik sözün dar mənasında fəal yaradıcı fəaliyyəti nəzərdə tutur. Bu zaman məlumat bir neyron şəbəkəsi daxilində sadəcə “bişmir”, bir növ irəli-geri gedib-gəlir. Başqa sözlə, fikir məkik şəklində hərəkət edir: daxili obrazlardan kətan lövhəyə və ya klavişlərə, şüurdan mətnə və ya koda. Məhz bu zaman əsas neyron şəbəkələri arasında keçid mexanikası işə düşür.

Hər iki prosesi müəyyən həddə idarə etməyi öyrənmək olar, amma təəssüf ki, bu o qədər də asan deyil, belə ki, hər iki proses qeyri-iradi baş verir. Buna baxmayaraq biz Ali metodologiya məktəbi çərçivəsində müvafiq texnologiyalar işləyib hazırlayırıq. Mən bu işə rəhbərlik edirəm. Bunlar qismən “Fikir zalı” və “Təfəkkür. Sistemli araşdırma” kitablarında təsvir edilib. 

Aydındır, keçək daha həyati əhəmiyyətli məsələlərə. Şirkətlər işləməyə gələn gənclərin işə çox başdansovdu yanaşmasından, şəxsi həyatını işdən öndə tutmasından, tez təslim olmasından, gördükləri hər işin yüksək qiymətləndirilməsini gözləməsindən şikayət edir. Bu nədən qaynaqlanır və bunu necə idarə etmək olar? Axı vaxt gələcək başqa kadrlar olmayacaq. Yoxsa sizcə, orta ömür həddinin/keyfiyyətinin artması bu faktla birlikdə karyera müddətinin uzanmasına, X nəslinin peşə sahiblərinin isə əmək bazarında daha dəyərli olmasına səbəb olacaq?

Bu məsələ ilə bağlı çoxlu müxtəlif araşdırmalar aparılıb. Bəziləri sizin sadaladığınız problemləri göstərərək vəziyyətin faciəvi olduğunu hesab edir. Digər tədqiqatçılar yeni informasiya, rəqəmsal və texnologiya mühitində formalaşmış insan psixikasının üstünlüklərini görməyi və bu üstünlüklərdən yararlanmağı təklif edir. Əslində, mənim fikrimcə, hər şey daha mürəkkəbdir. Bəli, biz həqiqətən də X, Y və Z adlanan nəsillərin nümayəndələrinin özünəməxsus xüsusiyyətlərini görürük.

Söhbət psixikası məhdud informasiya və qıtlıq dövründə formalaşmış insanlardan gedir. Onları şərti olaraq “iks” adlandırırlar. Bu bir tərəfdən sosial iyerarxiya baxımından böyük ambisiyalar, digər tərəfdən daha uzun müddətdə mükafatlandırılmaq ümidi ilə yatırım etmək istəyi doğurur.

Şərti olaraq “iqrek” adlandırılan insanlar açıq informasiyanın, lakin eyni zamanda qıtlığın olduğu dövrdə formalaşıb. Onlar parlaq uğur hekayələrini görərək böyüyüb və eyni şeyin onların da başına gələcəyini gözləyir. Bu səbəbdən də onların yüksək və hətta şişirdilmiş gözləntiləri var. Eyni zamanda bu insanlar göstərdikləri səyə görə dərhal mükafatlandırılmaq istəyir. Əlbəttə ki, belə işçinin əlavə motivasiyaya ehtiyacı var və onu “idarə etmək” çətindir.

“Zetlər” hələ gəncdir. Onlar açıq informasiya və müasir rəqəmsal texnologiyalar dünyasında formalaşıb. Bununla əlaqədar, onların “mentor”a, yəni yol göstərən, başa salan, məsləhət verən və kömək edən birinə ehtiyacı var. “Zetlərin” bir işçi kimi tamamilə fərqli, yeni idarəetmə sisteminə ehtiyacı var.

Bununla belə, nəsillər arasındakı fərq, konkret insanlar arasındakı fərqlə eyni deyil. Hansı nəslə aid olmanızdan asılı olmayaraq, sizin fərdi keyfiyyətləriniz, bilikləriniz və bacarıqlarınız önəmlidir. Odur ki, məsələ nəsillərin özündə deyil, mövcud şəraitin hər nəslin ən yaxşı nümayəndələrinə hansı imkanları təqdim etməsindədir. Qəribə səslənsə də, ən çox fürsət “ikslərin” payına düşdü, “iqreklər” və “zetlər” isə adətən real imkanların olmadığı “geniş seçim”lə baş-başa qalır. Bütün bunlar cəmiyyətimizin strukturundakı dəyişikliklərə görə baş verir. 

Bir çox şirkətlər vakansiya elanında çoxtapşırıqlı namizədlər axtardıqlarını qeyd edir. Siz öz mühazirələrinizdən birində beynimizin çoxtapşırıqlılığı dəstəkləmədiyini çox gözəl təsvir etmişdiniz. Bunu sübut etmək üçün bir qıza vurma cədvəlini səsləndirərkən kartları növlərinə uyğun çeşidləməyi tapşırmışdınız.

Sözün düzü mən çoxtapşırıqlılıq məsələsi ilə bağlı digərlərinin nikbinliyini bölüşmürəm. Hər şeydən əvvəl, insan şüurunun çoxtapşırıqlı olmadığı elmi faktdır və əgər insan eyni zamanda iki və daha çox iş görürsə, həmin işləri ardıcıl gördüyündə sərf etdiyindən daha çox vaxt sərf edəcək. Hətta səhvlərin sayı da artacaq. Eyni zamanda xəbərlərə baxmağa, istehsalat görüşü keçirməyə və pul saymağa çalışın. Çaşmasanız qəribə olar.

Əslində işəgötürənlər adətən “çoxtapşırıqlılıq” dedikdə onu elmi mənasında nəzərdə tutmur. Onlar insanın eyni zamanda bir neçə layihəni idarə etmək bacarığını nəzərdə tutur. Başqa sözlə, bu o demək deyil ki, işçi eyni zamanda bir neçə işi görür, sadəcə bir sıra tapşırığa görə məsuliyyət daşıyır və heç nəyi nəzərdən qaçırmır. Bəli, bəziləri bunu bacarır, bəzilərində bu alınmır, amma bu “çoxtapşırıqlılıq” deyil, bu “koqnitiv yükə dözümlülük səviyyəsi”dir. Bu dözümlülük istənilən halda sonsuz deyil və ümumiyyətlə müasir insanın belə dözümlülüyü hətta qeyri-iş rejimində də yüksəkdir. Odur ki, belə kadrların qıtlığı başadüşüləndir.

Bu tələb bir daha bizə istehsalat prosesinə yanaşmanı dəyişməli olduğumuzu göstərir. Biz artıq əvvəlki kimi işləyə bilmərik. Dünya sürətlə dəyişir, insanlar dəyişir, sahibkarlar da bunu ən ciddi və məsuliyyətli şəkildə anlamalıdır. 

Son sual, aktual bir məsələ ilə bağlı. Karantindən və məcburi, amma müvəffəqiyyətli kütləvi distant iş təcrübəsindən sonra bir çox şirkət bölüşdürülmüş komanda modelinə tam keçid haqda düşünür. Siz necə hesab edirsiniz, rutin funksionalı olmayan insanlar bir-biri ilə heç vaxt görüşmədən, yalnız distant qarşılıqlı əlaqədə olaraq səmərəli işləyə bilər?

Hal-hazırda biz bununla bağlı araşdırma aparırıq – işçilərin ənənəvi formatla müqayisədə distant işləməsinin səmərəliliyini müəyyən edirik. Təəssüf ki, hələlik gəldiyimiz nəticələr elə də ümidverici deyil, nəticələr səmərəliliyin azaldığını göstərir, amma müxtəlif insanlarda bu özünü müxtəlif cür göstərir. Bəzən peşəkar tükənmə, bəzən spesifik abuliya – iradəsizlik baş verir, bəzən vaxtın təşkil edilməsində problem yaşanır və s. Digər tərəfdən biz bu formata artan uyğunlaşma müşahidə edirik. Yenə də bu bir fazadır və hələlik gələcəkdə nə olacağını demək çətindir.

İş ondadır ki, əvvəllər, bir qayda olaraq, distant işdə bu və ya digər səbəbdən bu formatı seçmiş insanlar işləyirdi. Yəni onlar üçün bu məcburi deyil, təbii keçid idi. İndi isə biz distant işləməyə can atmamış insanların bu cür işləməyə məcbur olduğunu görürük. Odur ki, onların bu formata uyğunlaşmasını müşahidə etməyə davam etmək lazımdır. Qəti nəticə çıxarmaq üçün hələ tezdir.